İctimai fəal Bəxtiyar Hacıyevi hədələdiyi iddia olunan şəxsin saxlandığı bildirilir.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı Turan Elmar İsmayıl oğlu kimi təqdim edən şəxs saxlanıb. «Həmin şəxs 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırovdur. Müəyyən olunub ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir», - məlumatda qeyd edilir.
Bu açıqlamaya, hələlik, E.Bağırovun özünün və ya yaxınlarının münasibətini almaq mümkün olmayıb.
B.Hacıyev dünən, yanvarın 13-də sosial şəbəkə vasitəsilə hədələndiyini bildirmişdi. Gənc fəalın sözlərinə görə, tanımadığı şəxs zəng edərək onu məhv edəcəyini deyib.
Fəal Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq bu barədə məlumat verdiyini açıqlamışdı
B.Hacıyev fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb.