Sükut dəqiqəsi
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
+++
Prezidenti İlham Əliyev bu gün, yanvarın 20-si, Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət edib.
AZƏRTAC-ın yaydığı məlumata görə, dövlət başçısı «Əbədi məşəl» abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.
Dövlət, hökumət rəsmiləri, respublikadakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət ediblər.
Hazırda ümumxalq ziyarəti davam edir.
Xatırlatma
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini gülləbaran edib. Sovet ordusu daha sonra Azərbaycanın Neftçala, Lənkəran kimi rayonlarına da daxil olub. O rayonlarda da itkilər olub. Ümumilikdə bu hadisələr nəticəsində 140-dan çox şəxs həlak olub, 744 nəfər yaralanıb. Üstəlik, 841 nəfərin həbs olunduğu bildirilir.
Həmin insanlar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi sayılırlar.