İraqdakı ABŞ səfirliyinə raket atılıb

Bağdadda ABŞ səfirliyi

Bağdaddakı ABŞ səfirliyi yaxınlığında çay kənarına 5 “Katyuşa” raketi atılıb, 3 nəfər yaralanıb.

Raketlərdən üçü diplomatik binaya, biri səfirliyin yeməkxanasına dəyib. Bunu “Frans Pres” və “Reuters” təhlükəsizlik mənbələrinə istinadla yazır.

İnsident yanvarın 26-da baş verib. Bu arada paytaxt Bağdadda korrupsiyaya, İraqın işlərinə xarici müdaxiləyə, ölkədə ABŞ əsgərlərinin mövcudluğuna etirazlar davam edir.

“Reuters” İraq təhlükəsizlik qüvvələrinin bir etirazçını güllələdiyini yazır.

İraqın Baş naziri Adel Abdul-Mahdi ABŞ səfirliyini hədəfə almış raket hücumunu pisləyib.

Buna da bax: ABŞ İrana yeni sanksiyalar elan edir

Mahdi bəyanatında deyib ki, İraq “diplomatik missiyaların hamısını qorumağa” sadiqdir.

Elə həmin gün ABŞ Dövlət Departamentinin sözçüsü “İraq hökumətini diplomatik obyektlərimizi qorumaqla bağlı öhdəliklərini yerinə yetirməyə” çağırıb.

Bu ay artıq üçüncü dəfədir belə bir hücum baş verir.

Yanvarın 21-də güclü şəkildə qorunan Yaşıl Zonada ABŞ səfirliyi yaxınlığına 3 “Katyuşa” raketi atılıb. Ancaq xəsarət alan olmayıb.

Dekabrın 31-də iranpərəst nümayişçilər Bağdaddakı ABŞ səfirliyinə hücum etmişdilər. Onlar ABŞ-ın İranın dəstəklədiyi silahlı qruplaşmaya raket zərbələri zamanı azı 25 nəfərin öldürülməsini pisləyirdilər.

İraqın təhlükəsizlik qüvvələri isə kütləni dağıtmaq üçün gözyaşardıcı qaza və səs qumbarasına əl atıblar.

Səfirliyə hücumdan bir neçə gün sonra Birləşmiş Ştatlar İranın İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) Qüds qüvvələrinin rəhbəri Qasem Soleimani-ni Bağdad yaxınlığa raket zərbəsilə qətlə yetirdi.

Buna cavabında İran İraq bazalarındakı ABŞ qüvvələrinə ballistik raketlər atdı.