Ata iki azyaşlı oğlunu aeroportda təkbaşına buraxıb

Arxiv fotosu

Moskvanın Şeremetyevo aeroportunda iki azyaşlı qardaşın təkbaşına buraxılması üzrə istintaq başladılıb.

İstintaq Komitəsinin bildirməsinə görə, yanvarın 26-da 2011 və 2014-cü il təvəllüdlü iki oğlan uşağının təkbaşına buraxılaraq “təhlükəli vəziyyətə” salınmasında bir nəfər şübhəli bilinir.

Bəyanatda deyilir ki, ata daha sonra Rostov şəhərinə uçub.

Həmin şəxsin Xabarovsk regionunun eyni adlı paytaxtından gəldiyi qeyd olunur.

İstintaq Komitəsi oğlanların valideynlərinin müəyyənləşdirildiyini, digər qohumlarını tapmağa çalışdıqlarını bildirir.

Rusiya mediası daha öncə yazıb ki, kişi övladlarını şəxsiyyət vəsiqələri ilə birlikdə buraxıb, məktubunda isə onları niyə özüylə apara bilmədiyini izah edib.

Moskva regionunun qubernatoru Andrei Vorobyov yanvarın 27-də tvitində yazıb ki, iki oğlan ilə səhər yeməyi yeyib.

“Atanı, Viktoru gözləyirik, ona iş tapacağıq. Uşaqlar onu çox sevirlər”, – Vorobyov vurğulayıb.