Trump-ın Yaxın Şərq planının bəlli tərəfləri – Qərb mediası

Donald Trump və Benjamin Netanyahu (sağda)

Bu gün – yanvarın 28-də ABŞ Prezidenti Donald Trump uzun müddətdir yubatdığı Yaxın Şərq sülh planını açıqlamalıdır. Fələstin liderləri indidən planı rədd ediblər, onu özlərinin müstəqil dövlət niyyətlərini pozmaq məqsədi daşıdığını deyiblər.

Yanvarın 27-də Oval Ofisdə İsrailin Baş naziri Benjamin Netanyahu ilə görüşən Trump deyib ki, onun planı “hər kəs üçün xeyli məqsədəuyğundur”.

“Ola bilsin, fələstinlilər ilkin olaraq bunu istəməsinlər. Ancaq fikrimcə, sonucda istəyəcəklər. Bu, onlar üçün çox yaxşıdır. Faktiki olaraq, onlar üçün həddən artıq yaxşıdır. Görək nə olacaq. İndi onlarsız biz bu razılaşmaya getmirik və bu, normaldır”, – Trump deyib.

Trump-ın Netanhyahu ilə Ağ evdə birgə çıxış edəcəyi gözlənir. Fələstin liderləri Vaşinqtona dəvət olunmadıqlarını bildiriblər.

Buna da bax: Pompeo deyir ki, Fələstin torpağındakı İsrail məskənləri qanunsuz deyil

Planda nələr var

Fələstinin Baş naziri Muhammad Shtayyeh planı “Fələstin məramını məhv etmək planı” adlandırıb.

Fələstinlilər narahatdırlar ki, Trump-ın planı İsrailin Qərb sahilin müəyyən hissələrinə iddialarını tanıyacaq. Onlar həmin əraziləri gələcək müstəqil dövlətlərinin tərkib hissəsi kimi görürlər. İsrail Qərb sahili 1967-ci il ərəb-İsrail müharibəsi zamanı tutub.

“Reuters” agentliyi Trump-ın planının detallarından söz açır.

Planda Yerusəlimin (Qüds), eləcə də iudaizm, islam və xristianlıqda müqəddəs sayılan yerlərin statusu;

qarşılıqlı şəkildə razılaşdırılmış sərhədlərin bərqərar olması;

İsrailin fələstinlilər və düşmən qonşular tərəfindən hücumlar sarıdan qorxularını dəf edəcək təhlükəsizlik razılaşmaları;

Fələstinin dövlət qurmaq tələbləri əks olunub. İsrail 1967-ci il müharibəsi zamanı Qərb sahili, Qəzzə zolağını, Yerusəlimin şərqini tutub.

Planda həmçinin milyonlarla fələstinli qaçqının məsələsinin həlli;

Su kimi təbii resursların bölüşdürülməsi;

İsrailin Qərb sahildə və Şərqi Yerusəlimdəki yaşayış məntəqələrini ləğv etməsinə dair Fələstinin tələbləri də əks olunub. Hazırda Qərb sahildə 3 milyon fələstinli və 400 mindən çox israilli yaşayır. Şərqi Yerusəlimdə daha 200 min nəfər məskunlaşıb.

Buna da bax: Netanyahu-dan "İslam Cihadı"na xəbərdarlıq

Seçki amili

“Reuters” diqqəti həm Trump, həm də Netanyahunun ölkəiçi problemlərinə çəkir. Trump impiçment mühakiməsi ilə üz-üzədir. Netanyahuya isə noyabrda korrupsiya ittihamları irəli sürülüb. Hər ikisi iddiaları rədd edir.

Hər iki lider yenidən seçilmək üçün kampaniya aparır. İsraildə martda parlament, ABŞ-da isə noyabrda prezident seçkisi keçirilməlidir.

Belə iddialar var ki, Trump planı açıqlamağı Netanyahuya seçkidə problem yaratmamaq üçün ertələyib, çünki planda İsraildən bəzi güzəştlər tələb olunur.

Ancaq zaman gedir və Trump İsrailin növbəti baş nazirin seçilməsini daha bir neçə ay gözləyə bilməz.

Plandan xəbərdar fələstinli və ərəb mənbələr ehtiyatlanırlar ki, fələstinlilər İsrailin işğalını qəbul etmək üçün ələ alına bilər. Bu isə İsrailin Qərb sahilin yarısına qədər hissəni anneksiyasına aparar, həmin əraziyə İordan vadisinin böyük hissəsi də daxildir.

Fələstinlilər Qərb sahilin 30 faizə qədərini təşkil edən İordan vadisini özlərinin gələcək dövlətlərinin tərkib hissəsi hesab edirlər.

Buna da bax: Trump-ın Fələstin planında pul söhbəti – Qərb mediası

50 milyard dollarlıq investisiya

Planın əsas müəllifi Trump-ın kürəkəni Jared Kushner-dir. O, planın ilkin mərhələsini iyunda Bəhreyndə təqdim edib. Həmin hissədə Fələstinin və qonşu ərəb dövlətlərinin iqtisadiyyatlarına kömək məqsədilə 50 milyard dollarlıq investisiya fondunun yaradılması nəzərdə tutulurdu.

Sonuncu dəfə İsrail-Fələstin danışıqları 2014-cü ildə iflas edib.

Danışıqlara əsas əngəllər kimi İsrailin işğal etdiyi ərazilərdə saldığı yaşayış məskənləri; qarşılıqlı inamsızlıq; Qəzzədə Hamas islamlı silahlı qruplaşmasının güclənməsi hesab olunur.

Əsas məsələ isə münaqişənin “iki dövlət” prinsipi ilə həlli yoludur. Beynəlxalq ictimaiyyət də uzun müddətdir bunu təklif edir – İsraillə yanaşı müstəqil Fələstin dövləti qurulsun.

BMT və dünyanın əksər ölkələri bunu onillər boyunca istənilən sülh planının təməli hesab ediblər.

Trump administrasiyası isə bu planı rəsmən qəbul etdiyini açıqlamayıb. Hələ noyabrda administrasiya onillər boyunca aparılmış siyasətin əksinə gedib. Dövlət katibi Mike Pompeo deyib ki, Vaşinqton İsrailin Qərb sahildəki yaşayış məntəqələrini beynəlxalq hüquq pozuntusu hesab etmir.

Fələstinlilər və dünya ictimaiyyəti bu məntəqələri qanunsuz saysa da, İsrail buna qarşı çıxır.