ABŞ-ın Milli İctimai Radiosunun (NPR) reportyoru Dövlət katibi Mike Pompeonun planlaşdırılan səfərindən kənar saxlanıb. Pompeo Britaniya, Ukrayna, Belarus və Orta Asiyaya səfər etməlidir.
NPR və Dövlət Departamentinin Müxbirlər Assosiasiyası (SDCA) yanvarın 27-də bildiriblər ki, reportyor Michele Kelemen dövlət katibini müşayiət edən jurnalistlərin siyahısından çıxarılıb.
SDCA qeyd edir ki, bu addım jurnalistin həmkarının Pompeo ilə müsahibəsinə cavab olaraq atılıb. Bir neçə gün öncə Pompeo NPR jurnalisti Mary Louise Kelly-nin Ukrayna ilə bağlı suallarına qəzəbli cavab vermişdi.
“Dövlət Departamentinin müxbirləri adətən dövlət katiblərini səyahətlərdə müşayiət ediblər və assosiasiyamızın bir üzvünün cəzalandırılmasını qəbuledilməz sayırıq”, – qurumun rəhbəri Shaun Tandon bəyanatında deyib.
Dövlət Departamenti NPR müxbirinin siyahıdan çıxarılması məsələsini hələlik, şərh etməyib.
Pompeo nəyə qəzəblənib
Kelly Pompeodan yanvarın 24-də müsahibə alıb. Onun sözlərinə görə, dövlət katibi ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch barədə suallara qəzəblənib və müsahibəni bitirib. Səfir ötən il Prezident Donald Trump tərəfindən vəzifədən kənarlaşdırılmışdı.
Kelly deyir ki, daha sonra söhbəti davam etdirməkdən ötrü ondan Pompeonun özəl qonaq otağına keçməsini istəyiblər. Jurnalistin deməsinə görə, Pompeo qışqırıb, söyüş söyüb, iddia edib ki, amerikalıların çoxu heç Ukraynanın harada yerləşdiyini bilmir.
“Səncə, Ukrayna amerikalıların vecinədir?” – Kelly-nin sözlərinə görə, Pompeo ona belə deyib.
Pompeo isə sonradan verdiyi bəyanatda jurnalisti müsahibəni razılaşdıranda yalan danışmaqda ittiham edib, müsahibədən sonrakı söhbətin yazılmadan aparılmasına razılaşdığını söyləyib.
NPR isə Pompeonun bəyanatına cavabında Kelly-ni “yüksək səviyyədə bütöv” reportyor adlandırıb, onun reportajının arxasında durduğunu açıqlayıb.
Jurnalistləri Müdafiə Komitəsi də Pompeonu tənqid edib, onun reaksiyasını Trump administrasiyasının mətbuata qarşı “ədavət”inin daha bir əlaməti adlandırıb.
Yovanovitch Trump-ın müttəfiqlərinin qarayaxma kampaniyasının hədəfinə çevrilib. Onu prezidentin siyasi rəqibinin Ukraynadakı işinin araşdırılmasını əngəlləməkdə ittiham ediblər. İyulda Ukrayna Prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətində Trump Yovanovitch-ə “pis xəbər” demişdi.
Yovanovitch-in rəhbəri Pompeo isə qarayaxma kampaniyası zamanı onu niyə açıq şəkildə müdafiə etmədiyinə dair sualları cavablandırmayıb.
Hazırda ABŞ Senatında Trump-ın impiçment mühakiməsi aparılır. Ötən ay Nümayəndələr Palatası ona iki maddə irəli sürüb – hakimiyyətdən sui-istifadə və Konqresin işini əngəlləmək.
Pompeonun xaricə səfəri yanvarın 29-da başlamalıdır. O, media azadlığının narahatlıq doğurduğu üç ölkəyə – Belarus, Qazaxıstan və Özbəkistana da baş çəkməlidir.
Səfərdən kənarda qalmış Michele Kelemen 20 ildən çox Dövlət Departamentinin işini işıqlandırıb. O, səfərdən kənarlaşdırılmasına heç bir səbəb göstərilmədiyini bildirib.