İran yenə peyk buraxmağa hazırlaşır

Ötən ilin avqustunda baş vermiş partlayış

Peyk təsvirləri İranın yenidən fəzaya peyk buraxmağa hazırlaşdığını göstərir. Birləşmiş Ştatlar İranın bu addımını ballistik raket proqramının ört-basdır olunması hesab edir. Ötən il Tehranın raket buraxma cəhdi üç dəfə boşa çıxmışdı.

“Bəli, Zafar peykinin orbitə buraxılması üçün ərazi hazırlanır”, – İranın İnformasiya və Kommunikasiya Texnologiyası naziri Mohammad Javad Azari-Jahromi yanvarın 27-də axşam tvitində yazıb. Bundan öncə ABŞ mediası xəbər verib ki, İran Semnan vilayətində İmam Xomeyni Kosmik Mərkəzindən peyk buraxmağa hazırlaşır.

Nazir Tehranın bu il orbitə daha beş peyk buraxmağı planlaşdırdığını vurğulayıb.

Ötən ilin yanvar və fevralında raket buraxmağa iki dəfə hazırlıq görülsə də, sonucda alınmamışdı. Avqustda isə start meydançasında partlayış baş vermişdi.

İran 2009-cu ildən orbitə bir neçə dəfə peyk buraxıb. Birləşmiş Ştatlar Tehranı bu texnologiyadan da nüvə silahları daşımağa qadir ballistik raket hazırlamanması üçün istifadə etməkdə suçlayır. Tehran isə ittihamı rədd edib.

Yanvarın 26-da San Fransiskoda mənzillənən Planet Labs Inc. kommersiya şirkətinin çəkdiyi fotoları Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu paylaşıb. Fotolarda İmam Xomeyni Kosmik Mərkəzindəki start meydançasında iş getdiyi görünür.

Buna da bax: ABŞ İranın kosmik proqramına sanksiyalar elan edir

Fotolarda həmçinin kosmik mərkəz yaxınlığında bir obyektdə xeyli sayda maşın, daha qızğın fəaliyyət gözə dəyir. Mərkəz Tehrandan 230 kilometr cənub-şərqdə yerləşir.

Bu fəaliyyət İranın 1979-cu il İslam İnqilabının 41-ci ildönümünü qeyd etməyə hazırlaşdığı bir dönəmə düşür.

Birləşmiş Ştatlar 2018-ci ildə İranla 2015-ci il nüvə sazişindən çıxıb və Tehrana sanksiyaları bərpa edib. Bundan sonra ikitərəfli gərginlik daha da artıb.

İqtisadiyyatı ciddi təsirə məruz qalan İran da saziş çərçivəsindəki öhdəliklərini tədricən məhdudlaşdırmaqdadır.

Ötən ay İranın Qüds qüvvələrinin komandiri Qasem Soleimani Bağdad yaxınlığında ABŞ-ın dron zərbəsilə öldürülüb. Bundan sonra İran İraqda ABŞ qüvvələrinin yerləşdiyi iki bazaya raket zərbəsi endirib.