Keçmiş nazir müavini 40 milyon dolları mənimsəməkdə şübhəli bilinir

Arxiv fotosu

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych administrasiyasında enerji və kömür sənayesi üzrə nazir müavini işləmiş şəxs 2 milyard qrivnanı (40 milyon dollar) mənimsəməkdə şübhəli bilinir və barəsində 45 günlük həbs qətimkan tədbiri seçilib.

Ali Antikorrupsiya Məhkəməsinin yanvarın 28-də çıxardığı qərarda 240 min dollarlıq girov da müəyyənləşdirilib.

Keçmiş məmur girov müqabilində azadlığa çıxmaq istərsə, hüquq mühafizə orqanları və məhkəmələrin çağırışlarına tabe olmalı, yaşayış yerini dəyişməməli, iş üzrə digər şübhəlilərlə danışmaqdan çəkinməli, xarici pasportunu təhvil verməli, elektron bilərzik taxmalıdır.

Buna da bax: Korrupsiya xəbərçiləri 41 min dollar qazana bilər


İttiham

İttihamnaməyə görə, keçmiş nazir müavini mayeləşdirilmiş qazın iki dövlət neft-qaz şirkətləri hesabına özəl şirkətlərə satışı planında iştirak edib və dövlətə 40 milyon dollar ziyan vurub.

Məhkəmə qərarında şübhəlinin adı çəkilməsə də, Ukrayna mediası onun 2009-2011-ci illərdə enerji və kömür sənayesi üzrə nazir müavini vəzifəsində çalışmış Ihor Kiryushyn olduğunu yazır.

2017-ci ilin martında ovaxtkı baş prokuror Yuriy Lutsenko keçmiş məmurun Gürcüstanda həbs olunduğunu açıqlayıb.

Kiryushyn yanvarın 27-də Gürcüstandan Ukraynaya ekstradisiya olunub.

Antikorrupsiya məhkəməsi mənimsəmə sxeminin Yanukovych-in 2010-2014-cü illərdə prezidentliyi dövründə davam etdiyini iddia edir.

Prokurorların bildirməsinə görə, Yanukovych, onun ailə üzvləri və yaxın ətrafı 2014-cü il etirazları zamanı ölkədən qaçmazdan öncə milyardlarla dollar mənimsəyib. Həmin il avtoritar və korrupsioner idarə üsuluna qarşı başlanan etirazlar nəticəsində ölkədə hakimiyyət dəyişikliyi baş verdi.

Yanukovych hazırda Rusiyada yaşayır, bütün iddiaları rədd edərək Ukraynanın qanuni prezidenti olduğunu bildirir.