Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dünən, yanvarın 28-də Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva öz Twitter səhifəsində məlumat yayıb.
L.Abdullayeva bildirib ki, görüşdə İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şaffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki iştirak edib.
Bunun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşünə hazırlıq məqsədi daşıdığı düşünülür. Bu gün, yanvarın 29-da Cenevrədə həmsədrlərin vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilməlidir. Görüşdə Dağlıq Qarabaş münaqişəsinin tənzimlənmə məsələlərinin nəzərdən keçiriləcəyi gözlənir.
Xatırlatma
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.