Qazaxıstanın cənub-şərqindəki Qapşaqay şəhərində iki təcili yardım maşını sürücüsü saxlanıb. Onlar ölkədə koronavirus infeksiyası haqda saxta informasiya yaymaqda şübhəli bilinirlər.
Polisin yanvarın 30-da vebsaytında yerləşdirdiyi bəyanatda deyilir ki, iki nəfər WhatsApp mesajlaşma tətbiqi vasitəsilə “qəsdən saxta informasiya yaymaqda” ittiham olunur. Onların kimliyi açıqlanmır.
Bəyanatda qeyd olunur ki, iki şübhəli yanvarın 29-da WhatsApp-da belə bir informasiya yayıblar ki, guya Qapşaqay xəstəxanasına koronovirus simptomları ilə iki xəstə qəbul olunub. Bu məlumatın saxta olduğu üzə çıxıb.
Şübhəlilərin ittihama münasibəti bəlli deyil.
Ölkənin Cinayət Məcəlləsində saxta informasiya yaymağa görə bir ilədək həbs cəzası nəzərdə tutulub.
Qazaxıstan hakimiyyəti Çin vətəndaşlarına viza verməyi dayandırıb, eləcə də qonşu ölkəyə sərnişin səyahətlərini təxirə salıb. Qazaxıstanda hələlik, virusa yoluxma halı qeydə alınmayıb, amma Çindən gələn 35 nəfər respirator infeksiya simptomları ilə karantinə alınıb.