ABŞ ordusu bu ayın əvvəlində İraqdakı bazaya İranın raket zərbəsində beyin xəsarətləri almış hərbçilərinin sayını bir daha qaldırıb.
Pentaqonun sözçüsü Thomas Campbell yanvarın 30-da deyib ki, “64 ABŞ hərbçisinə travmatik beyin xəsarəti diaqnozu qoyulub”.
Prezident Donald Trump ilkin olaraq demişdi ki, İranın yanvarın 8-də İraqın qərbindəki Ain al-Assad hava bazasına hücumunda heç bir amerikalı xəsarət almayıb. Bu açıqlama ABŞ-ın bir çox veteran qruplarını qəzəbləndirmişdi.
Ordu sonradan 11 hərbçinin xəsarət aldığını bildirdi. Bu say sonra 34-ə, yanvarın 28-də isə 50-yə qaldırıldı.
Trump yenə də bu xəsarətlərin miqyasını kiçiltməyə çalışıb, deyib ki, “onların başağrısından və bəzi digər şeylərdən əziyyət çəkdiyini eşidib”.
İran raket zərbəsini Qüds qüvvələrinin başçısı, general mayor Qasem Soleimani-nin yanvarın əvvəlində Bağdad aeroportu yaxınlığında öldürülməsinə cavab olaraq endirdiyini bildirmişdi.