Berdymukhammedov yeni şəhərin salınmasına 1,5 milyard dollar ayırır

Gurbanguly Berdymukhammedov

Türkmənistanın avtoritar lideri Gurbanguly Berdymukhammedov hökumətə göstəriş verib ki, yeni şəhərin salınması üçün xarici ölkələrdən avadanlıq və materialın cəlb olunmasına 1,5 milyard dollar ayırsın.

Qazla zəngin bu Orta Asiya ölkəsinin dövlət mediası fevralın 3-də yazıb ki, prezident yeni şəhər üçün lazımlı tikinti materialları, avadanlıq və digər gərəkənlərin idxalı üzrə sərəncam imzalayıb.

Hələ adı bəlli olmayan şəhər Ahal regionunun yeni paytaxtı olacaq. Bu region iyundan prezidentin 38 yaşlı oğlu Serdar Berdymukhammedov tərəfindən idarə olunur. Bəzi müşahidəçilər liderin yeganə oğlunu onun mümkün varisi hesab edirlər.

Bu sənəd hökumətin idxalı məhdudlaşdırdığı bir dönəmə təsadüf edir. Ölkədə xarici valyuta qıtlığı yaşanır, enerji qiymətləri düşür.

62 yaşlı Berdymukhammedov 2006-cı ildən Türkmənistanı idarə edir, narazıları susdurur, özü şəxsiyyətə pərəstiş obyektinə çevrilib. Türkmənlər ona Arkadağ (Qoruyucu) deyirlər.

Hökumət tənqidçiləri və insan haqları qruplarının fikrincə, avtokrat lider Saparmurat Niyazovun ölümündən sonra prezident postuna keçən Berdymukhammedov bu qapalı ölkədə yalnız cüzi dəyişikliklər edib, hakimiyyətini möhkəmləndirib.