Fevralın 4-də Ukrayna parlamentinin birinci oxunuşda təsdiqlədiyi qanun layihəsində konstitusiyaya dəyişiklik edilməsi, parlamentdə deputat sayının 450-dən 300-ə endirilməsi nəzərdə tutulur.
Prezident Volodymyr Zelenskiy-nin təklif etdiyi qanun layihəsinə 236 deputat səs verib.
Layihədə nəzərdə tutulan daha bir dəyişiklik proporsional seçki sisteminin möhkəmləndirilməsi, majoritar qaydayla seçimin ləğvidir.
Hazırda parlamentdəki 450 deputatın yarısı təkmandatlı dairələrdən seçilir və çox vaxt oliqarxlar, idman ulduzları, tanınmış şəxslərin parlamentə düşməsi üçün istifadə olunur.
İkinci, yekun oxunuşda sənədin dilinə dəyişiklik edilə bilər. Amma indiki layihədə deyilir ki, ölkədə azı 5 il yaşamış, Ukrayna dilində təmiz danışan şəxs parlamentə seçilə bilər.
Layihənin son oxunuşdan keçməsi üçün ona 300 deputat səs verməlidir.
Konstitusiya Məhkəməsi dekabrın 17-də bu qanunvericiliyin ali qanunun iki maddəsi ilə uyğunluq təşkil etdiyini bildirib.
Müxalifətdən olan deputatlar qanun layihəsini tənqid edirlər. Çünki sənəd seçkilərin “ümumi, bərabər və birbaşa, gizli səsvermə əsasında” keçirilməsini nəzərdə tutan maddəni ləğv edir. Bu isə seçkinin istənilən formasının qanuniləşdirilməsinə yol aça bilər.