Çin ABŞ məhsullarına tarifləri azaldacağını deyir

İllüstrativ foto

Çin bildirir ki, Birləşmiş Ştatlardan idxal olunan 1700-dən artıq məhsula tarifi yarıbayarı azaldacaq. Bu, iki ölkə arasında bir müddətdir gedən bahalı ticarət müharibəsinin sona daha bir addım yaxınlaşdığına ümid yaradıb.

Çinin Maliyyə Nazirliyi fevralın 6-da bildirib ki, bu ayın 14-dən 75 milyard dollarlıq məhsula tariflər azaldılacaq.

Üç həftə öncə Vaşinqton və Pekin 1-ci Faza ticarət sövdələşməsini razılaşdırıblar. Razılaşmaya görə, Çin iki il ərzində ABŞ-dan mal və xidmət alışını 200 milyard dollara çatdırmağa boyun olub.

Əvəzində Birləşmiş Ştatlar ötən il Çin məhsullarına tətbiq etdiyi tarifləri qaldırmağa razılaşıb.

Çinin nazirliyi bildirib ki, iki ölkənin ticarət sazişinə əməl edərək onu həyata keçirəcəyinə, bunun bazarda inamı, qarşılıqlı ticarəti gücləndirəcəyinə, qlobal iqtisadi artıma yardım göstərəcəyinə ümid edir.

Bu arada Çində koronovirusun iqtisadi təsiri sarıdan narahatlıq güclənib. Virusdan 500-dən çox adam ölüb, ölkədə ticarətə ciddi ziyan dəyib. Bu böhranın qlobal səviyyədə iqtisadi artımı yavaşıdacağı ilə bağlı əndişələr var.