Azərbaycanda növbədənkənar parlament seçkiləridir

Səsvermə. Foto arxiv

Bu gün, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb və axşam saat 19:00-a qədər davam etməlidir. Sonra məntəqələr bağlanmalı, səslərin sayılmasına başlanmalıdır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 1314 deputatlığa namizəd var. Azərbaycan parlamentində isə 125 deputat yeri mövcuddur.

MSK-dan bildirilib ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 321 şəxs sonradan namizədliyini geri götürüb. Bundan başqa, 2 nəfərin namizədliyi ləğv edilib.

Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

MSK-dan o da qeyd edilib ki, onların 246 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlərdir. Qalanların 1057-nin namizədliyi fərdi, 11-nin isə təşəbbüs qruplarından irəli sürülüb. Qurumdan yayılan məlumata görə, siyasi partiyalardan ən çox hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi (122) mövcuddur.

Seçicilərin ümumi sayı isə 5 milyon 329 min 460 açıqlanıb. Halbuki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan əhalisinin təqribən 7 milyonu səsvermə yaşındadır. Rəqəmlər arasında bu uyğunsuzluğu prosesi müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) da qeyd edib.

Seçicilər 5573 məntəqədə səs verirlər. Onların təqribən 1000-də vebkameraların quraşdırıldığı açıqlanıb.

Müxalifətdən Milli Şura və bəzi başqa qüvvələr bu seçkiləri boykot edir. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

Ölkədə son parlament seçkiləri 2015-ci il noyabrın 1-də gerçəkləşmişdi.