Müşahidəçilər sabah danışacaq

A.Qerasimov və E.X.Qjebreya

ATƏT-in Azərbaycandakı parlament seçkilərinə göndərdiyi qısamüddətli müşahidə missiyasının koordinatoru, Ukraynadan olan Artur Qerasimov və ATƏT Parlament Assambleyasının müşahidəçilər missiyasının rəhbəri, Albaniyalı deputat Elona Xoca-Qjebreya qısa brifinq keçirib.

36 saylı Xətai dördüncü seçki dairəsinin 2 saylı məntəqəsində təxminən 10-dəqiqəlik müşahidə aparan ATƏT təmsilçiləri ardınca jurnalistlərin suallarını cavablandırıblar.

A.Qerasimov bildirib ki, Azərbaycandakı seçkidə ATƏT-in müşahidə missiyasının 41 ölkədən olan 358 üzvü müşahidə aparır. Bu müşahidəçilər arasında ATƏT Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçiləri var.

«Biz həm Şərq, həm də Qərb ölkələrində müşahidə aparırıq. Öncə Belarus və Özbəkistan kimi ölkələrdə də seçkiləri müşahidə etmişik. Bizi ölkələr özləri dəvət edir. Azərbaycan hökuməti də dəvət edib. Bu da Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. Səsvermə günündən öncə biz vətəndaş cəmiyyətinin təmsilçiləri, Mərkəzi Seçki Komissiyasının nümayəndələri, siyasi partiyalarla görüşlər keçirmişik. Kifayət qədər məlumat toplamışıq. Səsvermə gününə gəlincə, bizim yüzlərlə müşahidəçi Bakıda və regionlarda müşahidə aparırlar. Müşahidələr başa çatandan sonra biz sabah (fevralın 10-da) saat 15.00-da əlimizdə olan məlumatlar əsasında bəyanatımızı açıqlayacağıq», – A.Qerasimov Azərbaycanda seçki prosesində qarşılaşdıqları durum barədə suala cavabında bildirib.

Deputatlığa namizəd Bəxtiyar Hacıyevin namizəd olduğu 29 saylı dairənin 6 saylı seçki məntəqəsinə buraxılmaması barədə sualı cavablandıran A.Qerasimov deyib ki, bu məsələdən məlumatsızdır:


«Bizim bu barədə məlumatımız yoxdur. Amma çoxsaylı məntəqələrdə müşahidəçilərimiz var və əldə olunan bütün məlumatları hesabatımıza daxil edəcəyik. Onu da qeyd edim ki, biz təkcə Bakıda yox, regionlarda da müşahidə aparırıq. Məsələn, məcburi köçkünlər üçün ayrılmış məntəqələri də ziyarət etmişik. Mən şəxsən bir neçə məntəqədə olmuşam. Mən təzyiqlə qarşılaşmamışam. Seçkini müşahidə etmək üçün imkanlarımız var idi».

ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, Albaniyalı deputat E.X.Qjebreya qısa danışıb: «Azərbaycan xalqı üçün vacib gündür. Biz Avropa Şurası və ATƏT tərəfindən göndərilmiş müşahidəçilər olaraq, həm ölkəni dəstəkləmək, həm də standartlar baxımından seçkini qiymətləndirmək üçün buradayıq. Uğurlu gün arzulayıram».

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, budəfəki seçkiləri müşahidə etmək üçün 59 beynəlxalq təşkilatdan 900-ə yaxın beynəlxalq, 78 minə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib.