Koronavirusdan ölənlərin sayı mini keçdi

Xi Jinping xəstəxanada

Fevralın 10-da Çinin Milli Səhiyyə Komissiyası ölkədə koronavirusdan 108 yeni ölüm açıqlayıb. Bununla da ölkədə virusdan ölü sayı 1016-ya çatıb.

Hazırda Çində virusa ümumilikdə 42 min 638 nəfər yoluxub, dünyanın 24 başqa ölkəsində isə bu rəqəm 319-dur.

Epidemiyanın episentri sayılan Hubeydə 103 nəfərin öldüyü, 2 min 97 nəfərin yoluxduğu açıqlanıb. Səhiyyə Komissiyası bunu fevralın 11-də səhər bəyan edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, virusun Çində olmayan adamlar arasında da yayılması “daha böyük alovun qığılcımına” çevrilə bilər və qlobal ictimaiyyət epidemiyanın nəzarətdən çıxmasına imkan verməməlidir.

Buna da bax: Koronavirusundan ölənlərin sayı 724-ə çatıb

Kruiz gəmisində yoluxanların sayı artır

Ukraynanın Çindəki səfirliyi fevralın 10-da bildirib ki, Hubeyin paytaxtı Vuhana enəcək, 50 vətəndaşı Kiyevə aparacaq çarter reysi planlaşdırılır.

Ukraynaya aparılan vətəndaşlar 14 gün karantində saxlanacaqlar.

Bu arada Yaponiyanın Yohokama limanında lövbər salmış, 3 min 700 sərnişinin olduğu kruiz gəmisində virusa yoluxma halları iki dəfə artaraq 135-ə çatıb.

“Diamond Princess” gəmisində iki ukraynalıda virus aşkarlanıb. Ümumilikdə gəmidə 25 ukraynalı işləyir.

Prezident Xi Jinping fevralın 10-da Pekində yoluxmuş xəstələrin müalicə aldığı xəstəxanaya baş çəkib. O, Hubeydə vəziyyətin “hələ də çox ağır” olduğunu, virusun yayılmasının qarşısını almaq üçün “daha qətiyyətli addımlar” atılacağını vurğulayıb. Məlumatı CCTV dövlət televiziyası yayıb.

Elə həmin gün ÜST-nin rəhbərlik etdiyi beynəlxalq ekspert komandası epidemiyanın araşdırılması üçün Pekinə çatıb. Komandaya Bruce Aylward başçılıq edir. O, 2014-2016-cı illərdə Qərbi Afrikada Ebola epidemiyasına qarşı fəaliyyətə nəzarət etmişdi.

ÜST bildirir ki, hazırda dünyada 168 laboratoriyada bu virusun diaqnozunu qoyacaq texnologiya mövcuddur.