BŞİH-nın mitinq qərarını dəyişdiyi bildirilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Müxalifət partiyalarının seçkidən sonra planları nədir?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) öz qərarını dəyişirək ReAl, Müsavat partiyalarının, D18 Hərəkatının və bəzi müstəqil namizədlərin mitinq qərarına razılıq verdiyi açıqlanıb.

Bu barədə AzadlıqRadiosuna D18 Hərəkatın başqanı Ruslan İzzətli məlumat verib.

Ruslan İzzətlinin sözlərinə görə, bu gün, fevralın 12-də onların mitinq müraciətinə əvvəlcə mənfi cavab verən qurum, onu saatlar sonra yenidən çağırıb.

Hərəkat başqanın vurğulamasına görə, bu dəfə mitinqə müsbət cavab verilib.

Amma onun dediyinə görə, aksiya üçün onların təklif etdikləri məkana razılıq verilməyib, əvəzində paytaxtın mərkəzindən uzaq bir ərazini təklif ediblər.

Ruslan İzzətli vurğulayıb ki, həmin əraziyə gedib-getməyəcəklərinə müzakirədən sonra qərar verəcəklər.

Bütün bu deyilənlərə, hələlik, BŞİH-dən münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ReAL, Müsavat partiyaları, D18 Hərəkatı və bəzi deputatlığa namizədlərin mitinq müraciətinə mənfi cavab verib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən D18 Hərəkatının başqanı Ruslan İzzətlinin sözlərinə görə, BŞİH imtinaya əsas səbəb kimi müraciətdə mitinq üçün göstərilən yerdə aksiyanın keçirilməsinin insanların sərbəst hərəkət etməsinə problemlər yaradacağını göstərib.

R.İzzətli bildirib ki, qurum onlara alternativ yer də təklif etməyib: «Əvvəl hakimiyyət belə hallarda alternativ yerləri təklif edirdi. Əvvəl bu, «Məhsul» stadionu (Bakının mərkəzindən bir qədər kənar) idi, sonra isə Lökbatan qəsəbəsini (Bakının mərkəzindən «Məhsul» stadionuna nisbətən daha da kənar) təklif edirdilər. Bu dəfə isə, ümumiyyətlə, bir imtina cavabı verməklə kifayətləniblər».

R.İzzətli gün ərzində BŞİH-nin cavabını mitinq təşkilatçıları ilə müzakirə edib qərar verəcəklərini əlavə edib. «Biz seçki saxtakarlıqları ilə barışan deyilik və hakimiyyətdən tələbimiz budur ki, seçkilərin nəticələri ləğv edilsin», - o vurğulayıb.

Seçkidən narazılar mitinq qərarı verib

Müsavat, ReAl partiyaları, D18 təşkilatı və bəzi müstəqil namizədlərin növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq birgə mitinq qərarı açıqlanıb. Bununla bağlı bu gün, fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət göndərilib.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası başqanı Arif Hacılı məlumat verib. Onun deməsinə görə, aksiyada məqsəd növbədənkənar parlament seçkilərində saxtakarlıqlara etiraz etməkdir. Məktubda aksiyanı fevralın 16-da keçirmək istədikləri bildirilir.

Hələlik, bu müraciətə BŞİH-dən münasibət almaq mümkün olmayıb.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticəyə görə, yerlərin yarıdan çoxunu yenidən hakim Yeni Azərbaycan Partiyası qazanıb.

Artıq bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... », - rəydə vurğulanıb

Prezident İlham Əliyev isə fevralın 10-da görüşlərdən birində deyib ki, ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir: «Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur».

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib. Onlardan Milli Şura və bəziləri bu seçkiləri boykot edib. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsindən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və MSK təmsilçiləri belə fikirləri əsassız sayırlar.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.