Çində virusdan ölənlərin sayı 1100-ü keçib

Çinin Hubey vilayətində market

Çinin Milli Səhiyyə Komissiyası fevralın 11-də koronovirusdan 97 yeni ölüm halının qeydə alındığını açıqlayıb. Bununla da ölkədə virusdan ölüm hallarının sayı 1113-ə çatıb.

Hazırda Çində bu virusa 44 min 643 nəfər yoluxub. Ancaq artıq ikinci gündür yeni yoluxma hallarının azaldığı qeydə alınır. Dünən 2 min 15 yoluxma aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yaratdığı xəstəliyə COVID-19 adını verib.

Fevralın 11-də Cenevrədə virusla mübarizəyə həsr olunmuş toplantıda ÜST rəhbəri Tedros Adhanom Ghebreyes ölkələri virusun yaratdığı “ağır təhdid”ə qarşı birgə işləməyə çağırıb. Onun sözlərinə görə, viruslar “istənilən terror hərəkətində daha güclü fəsadlar”a yol aça bilər.

Tedros deyib ki, yoluxmaların 99 faizinin aşkarlandığı Çin “fövqəladə” vəziyyət durumundadır.

COVID-19-un yüksək səviyyədə yoluxucu olduğu güman edilir. Britaniyada bir nəfərin virusu azı 11 nəfərə keçirməsi onun xaricdə yayıla biləcəyi sarıdan qorxu yaradıb.

İndilik, Çindən kənarda ən çox yoluxma Yaponiya sahillərində lövbər salmış “Diamond Princess” kruiz gəmisindədir. Gəmidə ikisi ukraynalı olmaqla 174 nəfərdə virus aşkarlanıb.