İranın kəşfiyyat agentləri bu ay keçiriləcək parlament seçkisi öncəsi dövlət siyasətinin tənqid olunmasını susdurmaq məqsədilə jurnalistləri çağırır, onların evlərində reyd keçirir, avadanlıqlarını müsadirə edir. Bunu Nyu Yorkda mənzillənən İranda İnsan Haqları Mərkəzi (İİHM) bildirir.
Son iki həftədə azı 10 jurnalist İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat qanadının hədəfinə tuş gəlib, mərkəz fevralın 11-də yaydığı bəyanatda vurğulayır.
Kampaniya çərçivəsində fəal sosial media hesabları olan jurnalist və fəallar da hədəfə alınır, qurum bəyan edir. Onların içində keçmiş siyasi məhbus, insan haqları müdafiəçisi Bahareh Hedayat da var, fevralın 10-da saxlanıb.
“Jurnalistləri susdurmaqla, fəalları saxlamaqla, parlamentə namizədləri buraxmamaqla İranda narazılığı boğmaq mümkün deyil, bunu son etirazlar da göstərdi”, – mərkəzin icraçı direktoru Hadi Ghaemi deyib.
Buna da bax: İranda təyyarənin vurulmasından yazan jurnalistləri incidiblərRedaktorlardan reportyorlara təzyiq göstərməyi tələb edirlər
İranın sərt xətt tərəfdarı olan Mühaffizlər Şurası minlərlə namizədi 21 fevral seçkisinə buraxmayıb. Bu seçki İranda son etirazların zorakılıqla yatırdılmasından sonraya təsadüf edir.
Noyabrda hökumət yanacağın qiymətini qaldıranda 100-dən artıq şəhərdə etirazlar baş qaldırdı. Ötən ay İranın hava qüvvələri Ukraynanın sərnişin təyyarəsini vurandan sonra bir neçə gün etirazlar keçirildi. Hakimiyyət əvvəlcə bu insidentdə əli olmadığını deyirdi.
Mərkəz Tehranda adı açıqlanmayan jurnalistə istinadla yazır ki, İİKK jurnalistlərin evlərinə basqın edir, kompüterlərini, telefonlarını, kitablarını, yazılarını və mətbuat kartlarını əllərindən alır. Onlar sosial media postlarını “izah etmək üçün dindirilməyə getməyincə” əşyaları qaytarılmır.
“Məmurları narazı salan istənilən iş kriminal fəaliyyət hesab olunur və ittihamlar irəli sürmək üçün istifadə olunur”, – reportyor bildirib.
“Bəzi hallarda agentlər qəzet redaktorları ilə əlaqə saxlayaraq onlardan reportyorlara təzyiq göstərmələrini, sosial mediada İslam Respublikasının tənqid olunmasını dayandırmalarını istəyib”, – jurnalist əlavə edib.
Mərkəz bildirir ki. son bir neçə ildə İranın dövlət siyasətinin, yaxud məmurlarını tənqid onlarla adam uzunmüddətli həbsə məhkum edilib.
Ötən il azı 7 mətbuat işçisi öz işini gördüyünə görə təqib olunub, qurum vurğulayır.