«Badamdar qəsəbəsi ilə 20-ci Sahə arasındakı ənənəvi torpaq sürüşməsi olan zonada gərginlik hələ də qalmaqda davam edir».
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. Onun sözlərinə görə, proses dinamikasında aktivlik qalır.
«Digər bir məlumat budur ki, fevralın 16-da Badamdar qəsəbəsi 3-cü massiv, ev 179C olan ərazidə uçqun baş verib və buna səbəb kimi insan amili göstərilir», - ekspedisiya rəisi bildirib.
Ə.Qaralov aldığı məlumata əsasən vurğulayıb ki, həmin ərazidə 3 yaşayış evi yerləşir, uçqun olan torpaq kütləsi bu evlərdən birinə çatmayıb, ikinci evə dirənib dayanıb. Evlərdən birinin divarında deformasiyalar yarandığı, uçqun olan torpaq qatının yolu kəsdiyi qeyd edilir.
Xatırlatma
Son dönəmlər sözügedən ərazidə torpaq sürüşməsi 2017-ci ildən qeydə alınıb. Buna səbəb kimi ərzinin tikinti ilə həddən artıq yüklənməsi, kanalizasiya sisteminin olmaması, Bayıl yamacına insan müdaxiləsi göstərilib.
Əraziyə Yaponiyadan mütəxəssislər dəvət olunsalar da, sonradan bu məsələlərlə bağlı əlavə açıqlamalar verilməyib. Bu il yanvarın 9-da Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar ilə 20-ci Sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.