Beynəlxalq donorlar ötənilki güclü zəlzələnin nəticələrini aradan qaldırması üçün Albaniyaya 1,15 milyard avro (1,25 milyard dollar) boyun olublar. Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyir.
O, fevralın 17-də Brüsseldə keçirilən donorlar konfransının sonunda tvitində yazıb ki, Albaniyanın bərpası üçün qoyulan hədəf keçilib və 1,15 milyard avroluq məbləğ yığılıb.
Onun 400 milyon avrosu (433 milyon dollar) AB ölkələrinin payına düşür.
“Bu, bizim təsəvvürlərimizi aşır”, – Albaniyanın Baş naziri Edi Rama deyib.
Noyabrın 26-da Albaniyanın Adriatik sahillərində baş vermiş zəlzələdə 51 nəfər həlak olub, yüzlərlə adam xəsarət alıb, 17 min nəfər evsiz qalıb.
Albaniya fəlakətin vurduğu birbaşa ziyanı 1,1 milyard dollar həcmində dəyərləndirib.