İran 2 nəfərin koronavirusa yoluxduğunu açıqlayır

Pekində satıcı

İran hakimiyyəti ölkədə ilk dəfə olaraq iki nəfərin yeni COVID-19 koronavirusuna yoluxduğunu təsdiqləyib. Xəbəri yarırəsmi ISNA xəbər agentliyi fevralın 19-da yayıb.

ISNA Səhiyyə Nazirliyinin rəsmisi Kiyanoush Jahanpour-a istinadla yazır ki, son iki gündə “yeni koronavirusla bağlı bəzi şübhəli hallar aşkarlanıb”.

Jahanpour iki təsdiqlənmiş yoluxma halının mərkəzi Qum vilayətinsə aşkarlandığını söyləyib.

“Testlər aparılır, nəticələr yekunlaşan kimi ictimaiyyətə açıqlanacaq”, – o deyib.

İran virusun yayılmasını önləmək üçün aeroportlarda təhlükəsizlik tədbirləri görüb.

***

Çində koronavirus qurbanlarının sayı 2 mini keçdi

Ukrayna hökumətinin Çində bur qrup ukraynalının evakuasiyası üçün ayırdığı çarter təyyarəsi yola düşüb. Təyyarə koronavirusun episentri sayılan Vuhan şəhərindən ukraynalıları və əcnəbiləri çıxarmaq üçün göndərilib.

SkyUp şirkətinə məxsus Boeing 737-700 təyyarəsi üç saat gecikməylə, fevralın 19-da səhər 2:50-də Kiyev yaxınlığındakı Borispol Beynəlxalq Aeroportundan qalxıb.

Təyyarə əvvəlcə Qazaxıstanın Almatı şəhərinə, oradan Hubey vilayətinin paytaxtına uçacaq.

Hubeydə ötən gün virusdan 132 yeni ölüm halının baş verdiyi açıqlanıb.

Ümumilikdə isə Pekin COVID-19 virusundan 2 min 4 nəfərin dünyasını dəyişdiyini bildirir. 74 min 185 nəfər virusa yoluxub.

Buna da bax: Çin vətəndaşlarının Rusiyaya səfərləri qadağan olunur

Ukraynalılar narahatdır

Təyyarənin Kiyevə fevralın 20-də qayıdacağı planlaşdırılır.

Ukrayna Səhiyyə Nazirliyinin daha öncə bildirməsinə görə, 49 ukraynalı və 25 əcnəbi vətəndaşın evakuasiyası gözlənir. Əcnəbilər arasında İsrail, Norveç, Monteneqro, Argentina, Panama, Kosta Rika, Dominikan Respublikası, Ekvador və İspaniya vətəndaşları var.

Ukrayna həmin şəxsləri 14 günədək karantində saxlayacaq, amma saxlanma əraziləri “təhlükəsizlik səbəbləri”ndən açıqlanmır. Bunu Səhiyyə naziri Zoryana Skaletska fevralın 18-də Kiyevdə jurnalistlərə deyib.

Fevralın 18-də 20-dən çox adam qərbi Ternopil regionundakı sanatoriyada etiraz ediblər, evakuasiya olunanların oraya yerləşdirilə biləcəyindən narahatlıq dilə gətiriblər.

Onlayn uçuş datasına əsasən təyyarənin Ukraynanın qərbində yerləşən Lvova enəcəyini demək olar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə epidemiyaya qlobal səviyyədə aşırı reaksiyayla bağlı xəbərdarlıq edib. Buna alıcıların panik davranışı, tədbirlərin təxirə salınması, kruiz gəmi səyahətləri ilə bağlı narahatlıqların səslənməsi səbəb olub.

“Vəziyyətə uyğun tədbirlər görülməlidir. Əsassız addımların faydası olmaz”, – ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus Cenevrədə jurnalistlərə deyib.