Ötən gecə İran-Pakistan sərhədinə silahlıların hücumu nəticəsində 5 pakistanlı əsgər öldürülüb. Məlumatı AzadAvropa/AzadlıqRadiosu fevralın 19-da Pakistan rəsmilərindən alıb.
Anonimlik şərtilə danışan rəsmilərin sözlərinə görə, hücum edənlər “ağır silahlar”dan istifadə ediblər. Hadisə fevralın 18-də axşam Baluçistan vilayətində baş verib.
Hücumun hədəfi olan nəzarət məntəqəsi İranla sərhədin 100 km-də, İranın cənub-şərqini Baluçistanın paytaxtı Kvetta ilə birləşdirən əsas magistral yolda yerləşir.
Üç pakistanlı əsgər yaralanıb və xəstəxanaya aparılıb.
Pakistanın təhlükəsizlik qüvvələri hücum edənlərin yerini müəyyənləşdirmək üçün fevralın 19-da əks-əməliyyat başladıblar.
Hücuma görə məsuliyyəti götürən olmayıb. Hücum olunan ərazidə baluç separatçılar tez-tez Pakistanın təhlükəsizlik konvoyları və nəzarət məntəqələrini hədəfə alırlar.
Fevralın 17-də Kvettada intiharçı hücumunda 8 sünni müsəlman öldürülüb, 16 nəfər yaralanıb.
Həmin hücuma görə də məsuliyyəti götürən olmayıb.