Sərhəddə şəxsin nəşi götürülüb

Cəbhə xətti

Fevralın 19-da Azərbaycanla Ermənistanla sərhədində bir şəxsin nəşi götürülüb.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildiriblər.

«Fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan-Ermənistan sərhədində həlak olmuş şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib»,-Komitədən bildiriblər.

Komitənin nümayəndəliyindən şəxsin kimliyi, hansı şəraitdə və nə zaman həlak olması ilə bağlı açıqlama verməyiblər.

Azərbaycanın yerli saytlarında yer alan məlumatlara görə, həmin nəş ötən ay itkin düşən bir Azərbaycan hərbi qulluqçusunundur. Onun nəşinin neytral zonadan götürüldüyü deyilir. Amma bu məlumatları, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs sazişi imzalansa da, tərəflər tez-tez onun pozulması ilə bağlı məlumatlar yayırlar.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu tənzimləyir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.