Trump-ın müşaviri Rusiyanın seçkiyə müdaxiləsinə dəlil görmədiyini deyir

Donald Trump

ABŞ Prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri deyir ki, Rusiyanın prezidentin yenidən bu posta seçilməsinə kömək etməyə çalışmasına kəşfiyyat məlumatı görməyib.

Robert O'Brien bu haqda fevralın 23-də danışıb. Ondan öncə bir sıra media orqanları yazmışdılar ki, ABŞ-ın kəşfiyyat rəsmiləri konqresmenlərə Moskvanın gizli addımları haqda informasiya veriblər. Guya Rusiya Trump-ın və demokratlardan namizədliyə iddialı Senator Bernie Sanders-in qalib gəlmək şanslarını gücləndirməyə çalışır.

Konqresmenlər özləri “bu qənaətə gəliblər”

Trump medianın bu məlumatlarını Konqresdəki demokratların “daha bir dezinformasiya cəhdi” adlandırıb.

Sanders Moskvanın onun kampaniyasına kömək etməsilə bağlı xəbərlərə Prezident Vladimir Putini “quldur” adlandırmaqla reaksiya verib, ona xitabla deyib ki, ABŞ sekisindən “kənar dursun”.

Buna da bax: Xəbərdarlıq: Rusiya Trump-a kömək etməyə çalışır – Qərb mediası

O’Brien isə fevralın 23-də ABC TV-nin “George Stephanopoulos ilə bu həftə” proqramına müsahibə verib.

“Milli təhlükəsizlik müşavirinin bizim kəşfiyyatın məlumatlarına yaxşı çıxışı olur. Rusiyanın Prezident Trump-ın yenidən seçilməsinə çalışmasına dair hər hansı kəşfiyyat məlumatı görməmişəm”, – O'Brien vurğulayıb.

“AP” brifinqlə tanış kəşfiyyat mənbəyinə istinadla yazıb ki, konqresmenlərə heç də Rusiyanın Trump-ın seçki kampaniyasına yardım etməyə çalışdığını deməyiblər, sadəcə, onlardan bəziləri onlara deyilənlərdən belə bir qənaətə gəliblər.

Grenell vəzifədə müvəqqətidir

Mediada onu da yazmışdı ki, guya Trump sözügedən brifinqdən qəzəblənərək milli kəşfiyyatın direktoru vəzifəsini icra edən Joseph Maguire-ni vəzifədən kənarlaşdırıb. O'Brien bu məlumatları da təkzib edərək deyib ki, Maguire-in vəzifə müddəti martın əvvəlində bitirdi və onu müvəqqəti olaraq əvəzləməyə Senatın artıq təsdiqləmiş olduğu bir nəfər lazım idi.

Buna da bax: Bernie Sanders: ‘Mən Putini yaxşı bir dost hesab etmirəm’

Trump bu vəzifəyə sadiq tərəfdarı sayılan, ABŞ-ın Almaniyadakı səfiri Richard Grenell-i təyin edib.

“Səfir Grenell orada müvəqqətidir”, – deyən O'Brien əlavə edib ki, Trump bu yaxında direktor vəzifəsinə elə bir adamın namizədliyini verəcək ki, Senat onu tezliklə təsdiqləsin.

Sanders isə ABŞ kəşfiyyat rəsmilərinin bir ay qabaq ona Rusiyayla bağlı informasiya verdiyini təsdiqləyib. Məlumata görə, Rusiya onun 2020-ci il seçki kampaniyasına kömək üçün propaqanda və dezinformasiya kampaniyası aparır.

“Səmimi desəm, Putinin kimi prezident kimi görmək istəməsi vecimə deyil. Putinə aydın mesajım var: Amerika seçkilərindən kənar durun və prezident kimi bunu təmin edəcəyəm”, – 78 yaşlı senator bəyanatında deyib.

O, Donald Trump-dan fərqli olaraq Putini “yaxşı dost” hesab etmədiyini sözlərinə əlavə edib.

“O, avtokrat quldurdur, demokratiyanı dağıtmağa, Rusiyada narazıları əzməyə çalışır”, – bəyanatda vurğulanır.