ABŞ Prezidenti Donald Trump deyir ki, tərəflər arasında müvəqqəti atəşkəs davam edərsə, Əfqanıstandakı Taliban qruplaşması ilə sülh razılaşması imzalamağa hazırdır.
“Düşünürük ki, onlar saziş istəyirlər, biz saziş istəyirik, məncə, bu alınacaq, görəcəyik”, – Trump fevralın 23-də Hindistana yola düşməzdən öncə reportyorlara deyib.
Tərəflər fevralın 22-dən başlayaraq “zorakılığın azaldılması” həftəsi elan ediblər. Atəşkəsə əməl olunarsa, bu, sülh sazişinin imzalanması ilə nəticələnə, Birləşmiş Ştatların ən uzun müharibəsini bitirə bilər.
“Biz müəyyən qeyri-zorakı dönəmdən keçməliyik. Artıq gün yarımdır davam edir, nə baş verəcək, görəcəyik”, – deyən Trump əlavə edib ki, “19 illik müharibədən sonra” ABŞ qüvvələrinin “evinə qayıtması”nın vaxtıdır.
Əfqanıstanda 12 mindən çox ABŞ əsgəri var.
Buna da bax: ABŞ-Taliban sazişi fevralın 29-da ‘imzalana bilər’Kiçikmiqyaslı hücumlar baş verir
Əfqanıstan mediası isə xəbər verir ki, son iki gündə Taliban ölkənin silahlı qüvvələrinin olduğu nəzarət məntəqələrinə kiçikmiqyaslı hücumlar həyata keçirib.
ABŞ Dövlət katibi Mike Pompeo da fevralın 21-də deyirdi ki, atəşkəsə əməl olunsa, fevralın 29-da sülh sazişi imzalana bilər. O bundan sonra əfqanlararası danışıqların başlanacağını qeyd edirdi.
Trump fevralın 24-də Hindistanın qərbindəki Əhmədabad şəhərinə çatıb. Bu, onun dünyanın 5-ci böyük iqtisadiyyatına prezident kimi ilk səfəridir.
Dünyanın ikinci böyük stadionunda 100 min nəfər qarşısında çıxış edən Trump deyib ki, Vaşinqtonla Nyu Dehli arasında ticarət əlaqələri gücləndiriləcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Hindistanı dronlardan tutmuş helikopterlərə, raket sistemlərinə qədər “ən yaxşı və qorxunc hərbi avadanlığı” ilə təchiz etməyə hazırdır.
O, iki ölkə arasında kosmik əməkdaşlığı da genişləndirməyi səbirsizliklə gözlədiyini vurğulayıb. Trump tədbirə qatılmış Baş nazir Narendra Modini də tərifləyib.
Trump Birinci ledi Melania ilə birlikdə Hindistanın şimalındakı Aqra şəhərinə gedəcək, məşhur Tac Mahal Mavzoleyini ziyarət edəcək.
O, daha sonra Nyu Dehliyə yola düşəcək, orada fevralın 25-də Modi ilə danışıqlar aparacaq.