Assanjın ekstradisiya məhkəməsi başlanır

Julian Assange, arxiv fotosu

Fevralın 24-də London məhkəməsində “WikiLeaks” saytının qurucusu Culian Assanjın (Julian Assange) ABŞ-a ekstradisiyası üzrə dinləmələr başlanıb. O, Birləşmiş Ştatlarda casusluq daxil olmaqla 18 maddə üzrə ittiham olunur.

Assanj məhkəməyə gətirilib. O, 10 ay qabaq yeddi il ərzində sığındığı Ekvador səfirliyindən çıxarılmışdı.

48 yaşlı Assanj, vəkilləri və tərəfdarları onun Birləşmiş Ştatlara transferinə qarşı çıxır, orada ədalətli mühakimə olunmayacağını deyirlər. Assanj 2010-cu ildə məxfi hərbi sənədləri yaymasıyla əlaqədar ittiham olunur.

WikiLeaks 2016-cı ildə Demokratik Milli Komitənin elektron yazışmalarını da dərc edib. ABŞ kəşfiyyatının gəldiyi qənaətə görə, bu sənədlər prezident seçkisi kampaniyası zamanı rusiyalı hərbi hakerlər tərəfindən əldə olunub, məqsəd narazılıq yaratmaq, Donald Trump-ın namizədliyinə dəstək vermək olub.

Əsas ittihamlar isə məxfi materialın yayılmasıyla bağlıdır. ABŞ Ədliyyə Departamenti bildirir ki, Assanj ABŞ-ın keçmiş kəşfiyyat analitiki Chelsea Manning ilə əməkdaşlıq edərək sənədləri yayıb.

Manning sənədlərin yayılmasına görə 7 il həbs cəzası çəkib.

Həmin sənədlərə ABŞ-ın diplomatik teleqramları, İraq və Əfqanıstan müharibələri ilə bağlı fayllar da daxil idi.

Assanjın vəkili ötən həftə deyib ki, Assanj hakimə ABŞ-dan aldığı təklifdən danışacaq. Guya Trump administrasiyası ona təklif edib ki, Rusiyanın demokratlardan sənəd sızmasında əli olduğunu açıq şəkildə deyərsə, Trump administrasiyası onu əfv edə bilər.

Ağ evin mətbuat katibi Stephanie Grisham isə bu iddianı “tamamilə saxta” adlandırıb.