Su çərşənbəsidir

Səməni

Bu gün, fevralın 25-də (Novruzun gəlişindən asılı olaraq, hər il bir neçə gün fərqlə qeyd edilir) Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsidir.

Novruz bayramına dörd həftə qalmış dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.

Adətə görə, hələ gün doğmamışdan insanlar su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyərlər. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoyular.

Başqa çərşənbələr kimi, tonqal da qalayarlar.

Su çərşənbəsinin öz adətləri var. Bu çərşənbədə, adətən, arxlar səliqəyə salınır, hovuzlar təmizlənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Deyilənə görə, Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qədim inanclara görə, kainat su, od, yel və torpaqdan yaranıb.

Azərbaycanda bu il martın 3-də Od, martın 10-də Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

2020-ci il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq.

Bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri rəsmi qeyri-iş günləri olacaq.