Karnavalda onlarla adam xəsarət alıb

Polis şübhəli sürücünün evinin yaxınlığında

Almaniya polisi bildirir ki, fevralın 24-də ölkənin qərbindəki Volkmarsen şəhərində avtomobil karnavalın üstünə sürüb, uşaqlar daxil olmaqla onlarla adam xəsarət alıb.

Prokurorlar və polis 29 yaşlı almaniyalının şübhəli qismində saxlandığını bildirir.

İnsidentin motivi bəlli deyil və mümkün səbəblər araşdırılır.

“Dəhşətli gün, dəhşətli işdir”, – Volkmarsen şəhərinin yerləşdiyi Hesse vilayətinin daxili işlər naziri Peter Beuth deyib.

Bu şəhərdə təxminən 6 min 800 nəfər yaşayır. Xəsarət alanlardan 30 faizinin uşaqlar olduğu bildirilir.

Şahidlərin Almaniyanın HNA xəbər vebsaytına bildirməsinə görə, sürücü aşkar şəkildə uşaqları qəsdən hədəfə alıb.

Bu insidentdən təxminən bir həftə öncə Almaniyada bir silahlı özü daxil olmaqla 11 nəfəri qətlə yetirib. Bu, 2-ci Dünya müharibəsindən bəri Almaniyada ən pis irqçi hücumlardan sayılır.

Almaniyanın qərbində karnavallar xeyli populyardır.