BŞİH mitinq müraciətinə cavab verib

Sizin brauzer HTML5-i dəstəkləmir

Polis MSK qarşısında aksiyanı belə dağıtdı (Yekun video)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ReAL, Müsavat partiyaları və D18 təşkilatının mitinqlə bağlı müraciətinə cavab verib.

Bu barədə AzadlıqRadiosuna təşkilatçılar məlumat verib. Təşkilatçıların vurğulamasına görə, BŞİH onların Bakıda təklif etdiyi 8 yerdən heç birini aksiya üçün münasib saymayıb: «Cavabda bizə bildirilib ki, təklif etdiyimiz yerlərdən 7-də nəqliyyat və əhali sıx olduğundan təhlükəsizlik baxımından uyğun deyillər».

Onların bildirməsinə görə, cavabda bir meydanın da təmirə bağlandığı açıqlanıb. Təşkilatçıların qeyd etməsinə görə, onlara yenə Bakının mərkəzindən kənarda, Lökbatan qəsəbə meydançası təklif edilib.

Aksiyanın təşkilatçıları əlavə ediblər ki, onlar BŞİH-nin cavabını müzakirə edərək qərarlarını verəcəklər.

Yenidən mitinq qərarı verilib

Müsavat, ReAL partiyaları və D18 Hərəkatı fevralın 29-da aksiya keçirmək istəkləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət təqdim ediblər.

Bu barədə AzadlıqRadiosuna təşkilatçılar bildiriblər. Verilən məlumata görə, bu il fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində saxtakarlıqlar baş verib və aksiyada məqsəd elə hallara etiraz etməkdir.

Təşkilatçıların sözlərinə görə, müraciətdə şəhər rəhbərliyinə aksiya keçirməkdən ötrü bəzi meydanlar təklif edilib.

Hələlik, bu müraciətə BŞİH-dən münasibət almaq mümkün olmayıb.

Bu qurumlar bundan öncə, fevralın 16-da da Bakıda eyni məqsədlə kütləvi aksiya keçirmək niyyətində idilər. Amma aksiyanın yeri ilə bağlı şəhər rəhbərliyi ilə razılaşma əldə edilməmişdi. Bundan sonra Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında mitinq keçirməyə cəhdlər edildi. Mitinqin təşkilatçıları daxil olmaqla onlarla etirazçının saxlanaraq ölkənin müxtəlif ərazilərində sərbəst buraxıldıqları bildirildi.

Daxili İşlər Nazirliyi isə aksiyanın qarşısının alınmasını onun şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah etmişdi.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Artıq dörd dairədə nəticələr ləğv edilib. Habelə müxtəlif dairələr üzrə onlarca məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.