Dövlət kontraktlarının 65 faizi kiminlə bağlanır

Çeçenistan lideri Ramzan Kadyrov

Rusiya regionlarında məhsul və xidmət təchizatı üzrə dövlət kontraktlarının 65,8 faizi yerli təchizatçılarla bağlanır. Bu haqda Hesablama Palatasının hesabatında söz açılır.

Himayəçiliyin ən çox Çeçenistanda inkişaf etdiyi vurğulanır – 2019-cu ildə dövlət kontraktlarının, demək olar, 90 faizi yerli təchizatçılarla bağlanıb. Tatarıstanda daxili podratçılar dövlət kontraktlarının 85,4, Dağıstanda isə 77,6 faizini əldə edir.

Rusiyanın 85 regionundan yalnız 8-də daxili tədarükçülərlə kontraktların payı 50 faizdən azdır. Regional podratçılarla ən az işləyən isə Nenets muxtar vilayətidir – 7,1%.

“Şübhəsiz, inkişaf etmiş iqtisadiyyatı və fərqli sahələrdə inkişaf etmiş təchizatçı şəbəkəsi olan regionlar üçün daxili kontraktların payının böyük olması qəribə bir şey deyil. Ancaq əsasən federal subsidiyalar hesabına yaşayan subyektlər üçün belə bir himayəçilik rəqabətliliyin olmamasının, proteksionizm mexanizmlərinin bolluğunun əlaməti sayıla bilər”, – Hesablama Palatasının “Açıq məlumatlar” layihəsinin rəhbəri İvan Beqtin deyib.