Birləşmiş Ştatlar Kosovo hökumətinin Serbiyadan məhsullara idxal tarifini müvəqqəti və qismən qaldırmaq qərarını dəstəkləmir. Bunu Birləşmiş Ştatların Serbiya və Kosovo üzrə xüsusi elçisi deyir.
Həm də ABŞ-ın Almaniya üzrə səfiri olan, üstəlik bu yaxınlarda Prezident Donald Trump-ın kəşfiyyat rəisi təyin olunan Richard Grenell fevralın 27-də axşam tvitində bunu “yarımçıq tədbir” adlandırıb.
“Mövqeyimiz tamamilə aydındır: tariflər tamamilə qaldırılmalıdır”, – yazan Grenell Kosovonun Baş naziri Albin Kurti-nin “ciddi səhvə yol verdiyini” sözlərinə əlavə edib.
Birləşmiş Ştatlar Kosovonun Serbiyadan müstəqilliyinə ən çox dəstək verən ölkələrdə biridir. Kosovo 2008-ci ildə müstəqillik elan edib.
Serbiya isə keçmiş vilayətini özünün tərkib hissəsi sayır.
Avropa Birliyinin (AB) diplomatik münasibətləri normallaşdırmaq üçün apardığı danışıqlar 2018-ci ilin noyabrında dayandı. Səbəb Priştinanın Serbiyadan mal və xidmətlərə 100 faizlik tarif qoyması idi. Kosovo deyirdi ki, Belqrad onun müstəqilliyini tanımış ölkələrin bu qərarı ləğv etməsi üçün lobbiçilik aparır.
AB isə Kosovonun açıqlamasını “ilk addım” adlandırıb, bunun regional ticarətin bərpasına “müsbət təsir” göstərəcəyini deyib.