Elmar Hüseynovsuz 15 il

Sizin brauzer HTML5-i dəstəkləmir

Elmar Hüseynov yaddaşlarda

Bu gün, martın 2-də «Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 15 ili tamam olur.

Onu 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib. Hadisənin üstündən 15 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

E.Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olmuşdu. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.

E.Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib. O, həmçinin, «Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi olub.

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmamasına qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərarda qeyd edilirdi ki, hökumət E.Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.

Ancaq Azərbaycan hüquq-mühafizə orqanları da bəyan ediblər ki, onlar bu qətlinin açılması üçün bütün lazımı səyləri göstəriblər.