İtaliyadan Ukraynaya gedən şəxsdə koronovirus tapılıb

Viktor Lyashko

Ukrayna ölkədə koronavirusa ilk yoluxma halını təsdiqləyib. İtaliyaya səfər etmiş bir nəfərdə ölkəyə qayıdandan sonra koronovirus aşkarlanıb.

Səhiyyə nazirinin müavini Viktor Lyashko martın 3-də deyib ki, adı açıqlanmayan həmin şəxs xaricə səfərdən Çernivtsi şəhərindəki evinə qayıdandan sonra ona diaqnoz qoyulub.

“Dünən dörd şübhəli koronovirus halının olmasını demişdim. Bu gün onlardan birində koronovirus aşkarlanıb. Materiallar və nümunələr Ümumdünya Səhiyyə Təşkilatının virusologiya laboratoriyasına göndərilib”, – Lyashko vurğulayıb.

Pasiyent İtaliyadan Rumıniyaya, oradan avtomobillə Ukraynaya gedib, deyən Lyashko onun həyat yoldaşının karantində saxlandığını söyləyib.

İki ukraynalıda da koronovirus aşkarlanıb, amma onlar Yaponiyadakı “Diamond Princess” kruiz gəmisinin sərnişinləri olublar.

Martın 3-nə olan məlumata görə, dünyada koronavirusa 90 mindən çox adam yoluxub. Virusun episentri sayılan Çində virus qurbanlarının sayı 2 min 943 nəfərdir.