Trump-ın qərargahı 'Washington Post'u məhkəməyə verir

Donald Trump

ABŞ Prezidenti Donald Trump-ın seçki qərargahı martın 3-də “The Washington Post” qəzetinə qarşı məhkəmə iddiası qaldırıb. Ötən il dərc olunmuş iki köşə yazısında seçki kampaniyası ilə Rusiyanın seçkiyə müdaxilə arasında əlaqədən yanlış şəkildə bəhs olunduğu bildirilir.

Qərargah ötən həftə “New York Times” qəzetinə də oxşar əsasla iddia qaldırmışdı.

Yeni məhkəmə iddiasında qeyd olunan bir yazı iyunun 13-də dərc olunub. Yazılıb ki, Trump Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə qarşı “hərtərəfli və sistematik” hücumu ilə “əməkdaşlığa cəhd göstərib”.

Saxta və böhtan xarakterli olduğu deyilən başqa bir rəy yazısı isə iyunun 20-də dərc olunub. Yazıda sual olunur ki, “görəsən, Rusiya və Şimali Koreya, yardım göstərməyə dəvət olunublarsa, Trump kampaniyasına necə bir yardım göstərəcəklər?”

“Bəyanatlar 100 faiz saxta və böhtan xarakterlidir”, – Trump-ın qərargahının baş hüquq müşaviri Jenna Ellis söyləyib.

Buna da bax: Trump John Ratcliffe-i bir daha kəşfiyyat direktoru təyin edəcəyini deyir

“Məyusedicidir”

“Post” məhkəmə iddiası barədə məqaləsində yazır ki, “ola bilsin, kampaniya ənənəvi mediaya qarşı tənqidlərini vurğulamaq, Rusiya əməliyyatçıları ilə əlbirlik iddialarını susdurmaq istəyir”.

Qəzetin kommunikasiya üzrə vitse-prezidenti Kristine Coratti Kelly deyib ki, “prezidentin kampaniyasının bu cür taktikaya əl atdığını görmək məyusedicidir və bu işdə qətiyyətlə müdafiə olunacağıq”.

Trump dəfələrlə medianın ona diqqətini, Vaşinqtonda mənzillənən qəzeti və onun sahibi, Amazon şirkətinin təsisçisi və başçısı Jeff Bezosu tənqid edib. Əvvəlki kampaniyası zamanı Trump bir müddət Post-un müxbirlərini öz tədbirlərini işıqlandırmağa icazə vermirdi.

Keçmiş xüsusi prokuror Robert Mueller-in apardığı istintaq belə bir qənaətə gəlmişdi ki, Moskva Trump-ın 2016-cı ildə şansını gücləndirmək, demokratların namizədi Hillary Clinton-un nüfuzuna zərbə vurmaq üçün haker əməliyyatları və sosial media propaqandasına əl atıb.

İstintaq Trump-ın kampaniyasına bağlı şəxslərlə rusiyalıların onlarla kontaktını üzə çıxarmışdı.

Amma Mueller Trump komandası il Rusiyanın hansına kriminal əlbirliyinə yetərincə dəlili olmadığını açıqladı.