ABŞ Talibanın sazişə əməl etdiyini deyir

Arxiv fotosu

Talibanla sülh sazişinin ilkin nəticələri qarışıqdı, amma ekstremist qruplaşma razılaşmanın əsas hissəsinə əməl edir. Bunu Birləşmiş Ştatların müdafiə rəsmiləri konqresmenlərə deyiblər.

Müdafiə naziri Mark Esper martın 4-də Senatda deyib ki, ekstremistlər ABŞ və koalisiya qüvvələrinə hücum etməməklə razılaşmanı yerinə yetirirlər, “amma bunu zorakılığın azaldılmasını davamlı şəkildə saxlamaqla bağlı söyləmək olmaz”.

“O adamları nəzarətdə saxlamaq problemdir. Sərt və yumşaq xətt tərəfdarı olanlar var və məncə, hər ikisi ilə mübarizə aparırlar”, – o, sözlərinə əlavə edib.

Bundan öncə Pentaqon ABŞ qüvvələrinin Əfqanıstanın Helmand vilayətində talibançılara “müdafiə” xarakterli raket zərbəsi endirdiyini bildirib.

***

ABŞ Talibana ‘müdafiə’ zərbəsi endirir

Birləşmiş Ştatlar Əfqanıstanın cənubundakı Helmand vilayətində Taliban döyüşçülərinə “müdafiə” xarakterli raket zərbəsi endirib. Bundan öncə əfqan qüvvələrinin olduğu nəzarət məntəqəsi hücuma məruz qalıb.

Zərbədən bir neçə saat qabaq Taliban döyüşçüləri bir neçə hücumda azı 20 əfqan təhlükəsizlik əməkdaşının həyatına son qoyub. ABŞ Prezidenti Donald Trump isə Talibanın siyasi rəhbəri ilə “çox yaxşı” söhbət etdiyini açıqlamışdı.

Əfqanıstan Prezidenti Ashraf Ghani xəbərdarlıq edib ki, razılaşmada nəzərdə tutulan, 5 minədək talibançı məhbusun buraxılması üzrə maddə üzrə öhdəlik götürməyib.

Taliban isə bildirir ki, bu maddə yerinə yetirilməyincə, əfqandaxili danışıqlarda iştirak etməyəcək.