Bəzi məscidlər moizələri təxirə salır

Düşənbədə Böyük məscid

Düşənbədə bəzi məscidlər dindarlardan cümə moizələrinə getməməyi xahiş ediblər. Bu, koronovirusun yayılmasına qarşı profilaktika tədbiri kimi izah olunur.

Əsasən müsəlman ölkəsi olan Tacikistanda hələlik, koronavirusa yoluxma aşkarlanmayıb.

Dini məsələlər üzrə Komitənin sözçüsü Afshin Muqim martın 4-də AzadAvropa/AzadlıqRadiosuna deyib ki, bəzi məscidlərin moizələri təxirə salması Tacik İslam Mərkəzinin tövsiyəsinə əsaslanır.

Muqim əlavə edib ki, hakimiyyət yaxın gələcəkdə məscidlərdə kütləvi ibadətləri rəsmən təxirə sala bilər.

Səhiyyə nazirinin müavini Mirhomiddin Kamolzoda belə bir addımın səhiyyə rəsmiləri tərəfindən müzakirə olunduğunu radioya təsdiqləyib.

Təhsil və Elm Nazirliyinin martın 4-də bildirməsinə görə, martın 20-dən 22-dək – Novruz bayramı günlərinə şagirdlərin iştirakıyla planlaşdırılan küçə tamaşalarının hamısı virusa görə təxirə salınıb.