İrandan gələn 276 nəfər Azərbaycan vətəndaşı karantinə alınıb. Nazirlər Kabinetinin yanında Operativ qərargahın məlumatında belə deyilir.
Məlumata görə, ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları Tehran şəhərindəki səfirlik və ya Təbriz şəhərindəki Baş Konsulluğun qaynar xətlərinə müraciət etməlidirlər.
Onların qayıdışının sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirildiyi bildirilir.
Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşların müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edildiyi deyilir.
Məlumatda bu qrafiklə 276 nəfərin Azərbaycan ərazisinə keçdiyi qeyd olunur.
Sərhədi keçən vətəndaşların xüsusi avtobuslarla karantin zonalarına aparıldığı, 14-29 gün müddətinə karantin rejiminə yerləşdirildiyi vurğulanır.
Bu il fevralın sonlarında İranda koronavirus aşkar edilib. 2000 nəfərə yaxın İran vətəndaşının bu virusa yoluxduğu, ölü sayının 100-dən yuxarı odluğu deyilir. Azərbaycanda da bu virus həmin vaxtlarda aşkara çıxıb. Rəsmi məlumata görə, üç nəfər şəxsin bu virusa yoluxduğu məlumdur, şübhəlilər isə 14-29 gün karantində saxlanılırlar.
Vəziyyəti nəzarət altında saxlamaq üçün fevralın sonlarında Nazirlər Kabineti yanında Operativ qərargah yaradılıb.