Soros: Avropa Türkiyəni dəstəkləməlidir – Qərb mediası

Yunanıstan-Türkiyə sərhədində qaçqınlar

Suriyada son baş verənlər qərb mediasının əsas mövzularındandır. “The Financial Times” qəzetində Soros Fondunun və Açıq Cəmiyyət Fondlarının təsisçisi və sədri George Soros yazır ki, “Avropa Rusiyanın Suriyada törətdiyi hərbi cinayətlərdə Türkiyənin yanında dayanmalıdır”.

“2015-ci ilin sentyabrında Suriyaya müdaxilənin ta əvvəlindən Rusiya təkcə ən sadiq ərəb müttəfiqi, Suriya Prezidenti Bashar al-Assadı yerində saxlamağa çalışmayıb. O, həmçinin Sovet İttifaqı çökəndən bəri itirdiyi regional və qlobal nüfuzu bərpa etməyə can atıb”, – müəllif yazır.

Sorosun fikrincə, 6 milyon suriyalının qaçqına çevrilməsi Rusiya prezidentinin Suriyadakı strategiyasının altməhsulu deyil, bu, onun əsas məqsədlərindən olub. Müəllif yazır ki, Assad dünyanın Joseph Stalin-dən bəri gördüyü ən barbar idarəçidir. Xalqı ona qarşı qalxanda dinc opponentlərinə ən böyük mümkün zərbəni vurmaqdan ötrü hərbi strategiya hazırlayıb, xəstəxanaları, məktəbləri, bağçaları hədəfə alıb. Zəhərli qaza, kimyəvi hücumlara əl atıb və münaqişə yarım milyondan çox adamın həyatına son qoyub. Rusiya Prezidenti Vladimir Putin isə onu havadan zərbələrlə dəstəkləyib, yoxsa Assad strategiyasını gerçəkləşdirə bilməzdi.

Buna da bax: Financial Times: ‘Bu, Erdoğanın qalib gələ biləcəyi müharibə deyil’

Soros qeyd edir ki, İdlibdə qalmış dinc sakinləri qorumaq üçün hərbi qüvvələrini səfərbər edən yeganə ölkə Türkiyədir və orada Avropa Türkiyəni dəstəkləməlidir.

“Avropa Türkiyənin öz xalqına – kürdlərə qarşı necə davrandığını unutmamalıdır. Ancaq azından Suriyadakı mövqeyinə görə Türkiyə Avropanın dəstəyinə layiqdir”, – məqalədə vurğulanır.

Hər ikisi müharibənin bitməsini istəyir, amma...

“The Moscow Times” qəzetində isə Bruno Maçães yazır ki, həm Rusiya, həm də Türkiyə Suriyadakı prosesi bitirməyə çalışırlar – istər Assad ilə olsun, istərsə də onsuz.

Buna da bax: Rusiya Suriyadakı qoşunlarını təcili gücləndirir

Kremlin hədəfi Assad-ın ölkəyə nəzarəti tamamilə bərpa etməkdir ki, Rusiya nəhayət vassal ölkəsindən iqtisadi və strateji faydalarını götürə bilsin.

Türkiyə isə bu arada mühasirədə olan şəhəri müdafiə edir və onun da öz planları var. Çünki Ankara üçün həll yolu Assad-dan keçmir.

Suriyada müharibə davam etdikcə Türkiyə bu ölkədən gələn qaçqın axınından özünü müdafiə gücündə olmayacaq. Müəllifin fikrincə, Türkiyə həm də Suriya iqtisadiyyatına daha yaxşı perspektiv vəd edəcəyinə inanır – vahid sərhəd boyunca dərin inteqrasiya və daha dinamik özəl sektor.

“Bir ölkə və iki baxış. Bu toqquşma fundamental xarakterlidir və tezliklə aradan qalxan deyil”, – məqalədə vurğulanır.

Qeyd edək ki, bu gün – martın 5-də Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan-la Moskvada Suriya münaqişəsini müzakirə edəcək.