Azərbaycan və Türkmənistan prezidentləri görüşüb

Q.Berdiməhəmmədov və İ.Əliyev

Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, iki ölkə arasında əməkdaşlıqda çox müsbət dinamika müşahidə edilir: «Bu, bizi sevindirir. Çünki bu gün, dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda - Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik...».

Türkmənistan prezidenti Q.Berdiməhəmmədov isə öz növbəsində qeyd edib ki, bu səfər dövlətlərarası dialoq kontekstində keçir: «Düşünürəm ki, bugünkü görüşümüz, danışıqlarımız da dostluq münasibətlərimizin möhkəmlənməsinə yaxşı təkan verəcək».

Martın 11-də Azərbaycan prezidenti İ.Əliyev və Türkmənistan prezidenti Q.Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə də görüşü olub.

Türkmənistan prezidenti Azərbaycana gəlib

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün, martın 11-də Azərbaycana səfər edib.

O, bu səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirməlidir.

Həmin görüşlərdə Azərbaycan-Türkmənistan münasibətlərinin əsas aspektləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi gözlənir.