Karantində 560 nəfər var

Sizin brauzer HTML5-i dəstəkləmir

Masallıda karantində saxlanılanlar etiraz edir

«Bu günə qədər 4200 nəfərə qədər şəxsdə koronavirus infeksiyası ilə bağlı müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib, onlar sağalaraq evə buraxılıblar».

Bu barədə martın 16-da Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib. Onun sözlərinə görə, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var.

R.Bayramlı əlavə edib ki, qurum gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikdir.

Dörd gün əvvəl, martın 12-də Azərbaycanda koronavirusa yoluxanlardan bir nəfərin isə öldüyü açıqlanmışdı.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Bu müddət sonra daha iki həftə uzadılıb. Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb. Martın 14-dən etibarən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.

Hazırda, əsasən, İran və İtaliyadan qayıdan yüzlərlə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 6 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.