'Ərəstun Baxşəliyev azadlığa buraxılıb'

Polis

ReAL Partiyasının üzvü Ərəstun Baxşəliyevin bugün, martın 27-də azadlığa buraxıldığı bildirilir.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

C.Cavadovun sözlərinə görə, martın 25-də Bərdə Rayon Məhkəməsinin Ə.Baxşəliyev barəsində çıxardığı 10 sutkalıq inzibati həbs qərarını Gəncə Apellyasiya Məhkəməsi dəyişdirib: «Ərəstun Baxşəliyev İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 10 sutka müddətinə həbs olunmuşdu. Apellyasiya Məhkəməsi isə 10 sutkanı 3 sutka ilə əvəz edib. Beləliklə də, Ərəstun Baxşəliyev azadlığa buraxılıb».

Ə.Baxşəliyevin martın 24-də Bərdə rayonunda saxlandığı bildirilirdi.

Amma bu məlumata, hələlik, Gəncə Apellyasiya Məhkəməsi və başqa tərəflərdən münasibət almaq mümkün olmayıb.

ReAl üzvünə 10 sutka inzibati cəza verilib

ReAL Partiyasının Yasamal rayon təşkilatının sədri Ərəstun Baxşəliyevin martın 24-də Bərdə rayonunda saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna ReAl Partiyasından məlumat verilib.

Partiyadan qeyd edildiyinə görə, Bərdə rayon Məhkəməsi elə həmin gün-martın 24-də Ə.Baxşəliyevi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilərək barəsində 10 sutka inzibati həbs cəzası çıxarıb.

«Bu ittiham əsassızdır. Belə ki, Ə.Baxşəliyev sosial şəbəkələrdə aktiv şəxslərdən biri idi. Saxlanması da, barəsindəki inzibati cəza da ancaq bununla bağlı ola bilər»,- partiyadan əlavə ediblər.

Partiyadan habelə vurğulanıb ki, Gəncə şəhər Apellyasiya Məhkəməsində Ə.Baxşəliyev barəsində çıxarılmış inzibati cəzanın əsassızlığı barədə verilmiş şikayətə baxılması gözlənir.

Bu açıqlamaya, hələlik, Bərdə rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycanın hüquq mühafizə orqanları, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim siyasi fəaliyyəti və tənqidi mövqeyinə görə təzyiqlərə məruz qalmır.

Ə.Baxşəliyev bu il fevralın 9-da Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizəd olub. Həmin dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırımın qalib olduğu açıqlanıb.