Daxili Qoşunlar küçələrdə patrul çəkir

DİN-ın Daxili Qoşunları. Foto arxiv

Ölkədə elan olunmuş xüsusi karantin rejiminin gücləndirilməsinə bu gün, martın 30-dan Daxili Qoşunların qüvvələri də cəlb edilib.

Bu barədə «Turan» agentliyinə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətin rəhbəri Ehsan Zahidov məlumat verib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmətə cəlb ediliblər.

Bildirildiyinə görə, onlardan Bakı və Sumqayıt şəhərlərində həyata keçirilən tədbirlərdə istifadə ediləcək.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 35 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 209 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan bəzilərinin sağalıb evlərinə buraxıldığı, 4 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda koronavirus karantininin birinci günü

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Dünən, martın 29-dan isə xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərir.