Bir günə 24 nəfər koronavirusa yoluxub, 1-i ölüb

Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Bu barədə bugün, martın 31-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Qərargahdan vurğulanıb ki, onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir, karantinə götürülür: «Ölkədə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir».

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 38 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərməyə başlayıb. Bu gün, martın 31-dən isə qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.