Bugün, aprelin 2-də Kəlbəcər rayonunun işğalından 27 il keçir. Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri işğal edib.
Həmin hadisələr zamanı rayonda 511 dinc sakinin öldürüldüyü, 321 nəfərin isə əsir götürüldüyü və ya itkin düşdüyü açıqlanıb. Ümumilikdə, 60 minə yaxın rayon sakini didərgin salınıb.
BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalı ilə bağlı 822 saylı qətnamə qəbul edib. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son dövrlərdə işğal olunmuş başqa ərazilərindən dərhal çıxarılması tələb olunub. Ancaq bu və sonradan Azərbaycanın əlavə ərazilərinin işğalı ilə bağlı qəbul edilən başqa qətnamələr indiyə kimi yerinə yetirilməyib.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa qrupda həmsədr dövlətlərdir.