Azərbaycanda 8 nəfər spirtdən ölüb

Alkoqol

Azərbaycanda son həftələr 13 nəfərin metil spirtindən zəhərləndiyi açıqlanıb. Bu barədə Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsindən bildirilib.

Şöbədən verilən məlumata görə, martın 21-dən KTM-in Toksikologiya şöbəsinə "metil spirtindən zəhərlənmə" diaqnozu ilə ümumilikdə 13 nəfər müraciət edib.

"Həmin şəxslərdən 8-i vəfat edib", - deyə şöbədən vurğulayıblar.

Metil spirtindən son vaxtlar yeni koronavirusun yayılması ilə bağlı təmizlik məqsədilə geniş istifadə edilir. Ekspertlərin fikrincə, onun qəbulu ciddi fəsadlar törədə bilər.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 68 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə ümumilikdə indiyə kimi 584 şəxsin koronavirus infeksiyasına yoluxduğu, onlardan 7-sinin vəfat etdiyi qeyd edilir.