Azərbaycanda 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.
Bu barədə bugün, aprelin 7-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Məlumatda bildirilib ki, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Qərargahdan vurğulandığına görə, mərhumun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür: "Hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".
Qərargahdan qeyd edildiyinə görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 min 300 test aparılıb.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 75 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Martın 14-dən Azərbaycanda bununla bağlı bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metronun fəaliyyəti dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Əks halda cərimələnirlər.