Əfqanıstanda beş bank işçisi öldürülüb

Hökumət talibançıları azad edir

Əfqanıstanın qərbindəki Herat vilayətində dövlətə məxsus bankın beş əməkdaşını talibançılar öldürüb. Məlumatı polis məmurları aprelin 10-da yayıb.

Əməkdaşlar Kuhsan rayonundan vilayətin paytaxtı Herat şəhərinə gedən yerdə oğurlanıb, aprelin 9-da axşam silahlılar tərəfindən güllələniblər. Onlar Əfqanıstan Mərkəzi Bankının yerli şöbəsində çalışırdılar.

Daxili İşlər Nazirliyi insidenti təsdiqləyib, buna görə Taliban silahlı qruplaşmasını ittiham edib. Qruplaşma indiyədək ərazidə hökumət işçilərini, hərbçiləri dəfələrlə oğurlayıb, amma soninsidenti hələlik təsdiqləməyib.

Əfqanıstan hökuməti aprelin 9-da 100 talibançını azadlığa buraxdığını bildirmişdi. Bununla da bu həftə azadlığa buraxılan hərbçilərin sayı 200-ə çatıb. Hökumət silahlılarla əfqandaxili sülh danışıqları başlananadək 1500 talibançı məhbusu azad edəcəyini bildirib.

Məhbusların buraxılması danışıqların başlanmasından ötrü vacib ilkin addım sayılır.

Fevralda imzalanmış ABŞ-Taliban sazişində qruplaşmanın əsir götürdüyü min hökumət işçisinin də azad edilməsi nəzərdə tutulub.