Sinaqoqa hücum olub

Sinaqoq 2018-ci ildə açılıb

Rusiyanın şimal-qərbindəki Arxangelsk şəhərində sinaqoqa hücum olunub. Sonuncu belə hücum 2015-ci ildə baş vermişdi.

Yerli yəhudi icmasının lideri Anatoly Obermeister AzadAvropa/AzadlıqRadiosuna deyib ki, aprelin 13-də baş vermiş hücumda avtomobil təkərlərindən və alışqan maddədən istifadə olunub.

Yanğından böyük ziyan görmüş sinaqoq şəhərdəki yəhudi mədəni mərkəzinin içində yerləşir.

“Ümid edirəm, hərtərəfli araşdırma aparılacaq və vandallar tapılacaq”, – deyən Obermeister əlavə edib ki, hücumun vurduğu ziyan 1,5 milyon rubl (20 min 400 dollar) dəyərləndirilir.

Polis hücumla bağlı artıq araşdırma başlandığını bildirib.

İnsident zamanı xəsarət alan olmadığı qeyd olunur.

2015-ci ildə sinaqoq tikilən zaman naməlum şəxslər binaya atış açmışdılar.

Tikinti zamanı başqa bir hücumda sinaqoqu yandırmağa çalışmışdılar.